2015-ci ilin döyüş hazırlığı proqramına uyğun olaraq “Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş düşmən qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda Dövlət Sərhəd Xidmətinin (DSX) çevik hərəkət bölmələri və aviasiya qüvvələrinin iştirakı ilə “Ağgöl” səhra təlim mərkəzində taktiki təlimlərə başlanılıb. Lent.az DSX-nın saytına istinadən xəbər verir ki, təlimlərdə helikopterlər tərəfindən idarə olunan və idarə olunmayan raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, düşmənin hava hədəflərinin daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi və zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulur.
Təlimlərin məqsədi DSX-nin çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirməni inkişaf etdirməklə yüksək qarşılıqlı fəaliyyətə nail olunması, bölmələrin idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin məşq etdirilməsi, şəxsi heyətə Vətənə məhəbbət, silaha inam, döyüş zamanı dözümlülük, mətanətlilik və qorxmazlıq vərdişlərinin aşılanmasıdır.
Təlimlər may ayının 21-dək davam edəcək.