Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları dövlət əhəmiyyətli optik magistral rabitə kabelini kəsib oğurlamış şəxsləri aşkarlayaraq saxlayıb.
DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu il martın 3-də Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Rabitə və Yüksək Texnologiyaları Nazirliyi “Aztelekom” MMC-dən Bakı-Salyan avtomobil yolunun kənarında yerləşən kabel-kanalizasiya qurğularının yerləşdiyi quyuda olan dövlət əhəmiyyətli optik magistral rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilməsi barədə məlumat daxil olub.
Hadisə ilə bağlı dərhal DİN, Bakı Şəhər Baş Polis İdarəsi və Qaradağ RPİ-nin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən tədbirlər nəticəsində həmin cinayət hadisəsinin Qaradağ rayon Ələt qəsəbə sakinləri – Əvəz Abbasov, Xəlil Cabbarov və Sübhan Dadaşzadə tərəfindən törədildiyi müəyyən edilib.
Hər üç şəxs şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub və onlardan kəsərək oğurladıqları 600 metr kabel maddi sübut kimi götürülüb.
Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.