Sabunçu rayonu ərazisində dini suvenirlər satılan mağazadan oğurluq edən Vyaçelsav Sudinov adlı şəxs saxlanıb. Polis əməkdaşları hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirmək üçün cəmi bir həftə əziyyət çəkiblər. 4 il əvvəl islam dinini qəbul edən Slavik mağazaya gedib-gələn adamlardan biri olub. Mağaza sahibi Zahid Qurbanovla da dostluq münasibətləri olub. Müstəntiq də belə deyir.
Oktyabrın 15-də məscidin qarşısında görüşən tanışlar bir-birilərindən hal-əhval tutublar. Söhbət əsnasında Zahid səhər tezdən dükana bir necə dini kitab və suvenir alacağını, pulu isə dükanda qoyduğunu deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, axşam evə gəlib xeyli fikirləşdikdən sonra oğurluğa getməyə qərar verib.
“Mən özüm əvvəllər namaz qılmışam. Sonra yolumu azdım. Günah iş görmüşəm, Allah dua edirəm, yəqin mənə kömək edər”.
Mağazadan oğurlanmış 2600 manat pul bir həftənin içində restoran və barlarda xərclənib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vyaçeslav Sudinovu həbs ediblər. Məlum olub ki, o, İslam dinini həbsxanada qəbul edib. Bu illər ərzində ərəb dilini də öyrənən Sudinovun avazı yaxşı olduğundan təcridxanada azan vermək ona tapşırılıbmış.
APA TV