Daxili İşlər Nazirliyi son sutkada ölkədə törədilmiş qətllərlə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev xəstəxanaya yerləşdirilib. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib. Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oxşar hadisə İmişlidə də qeydə alınıb. Rayonun Qaragüvəndikli kəndində yaşayan Vüsal Tağıyev evində ailə-məişət münaqişəsi zəminində qohumu Emiliya Hüseynovaya bıçaqla xəsarət yetirib. E.Hüseynova hadisə yerində ölüb. V.Tağıyev tutulub.
Hər iki faktla bağlı cinayət işi açılıb.