Daxili İşlər Nazirliyi ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 1-də saat 01 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi “MAN” markalı (avtobus) avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.İsgəndərov orada ölüb.
Bundan başqa fevralın 29-da saat 07 radələrində Tovuz şəhərində rayon sakini Elşad Novruzov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən həmyerlisi Zöhrə Bayramovanı vurub. Z.Bayramova hadisə yerində ölüb.
Daha bir ağır qəza Cəlilabad şəhərində baş verib. Fevralın 29-da saat 22 radələrində Cəlilabad şəhərində Lənkəran rayon sakini Rasim Həsənovun idarə etdiyi “KamAZ” və Göytəpə şəhər sakini Mirmehman Mürsəlovun idarə etdiyi “NAZ Lifan” markalı avtomobillər toqquşub, nəticədə M.Mürsəlov hadisə yerində ölüb.
Balakən rayonunun Tülü kəndində isə kənd sakini Elvin Abulov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə E.Abulov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Hər bir faktla bağlı araşdırma aparılır.