Daxili İşlər Nazirliyi ölümlə nəticələnən yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 9-da saat 8 radələrində paytaxtın Nizami rayonu ərazisində Lənkaran rayon sakini Tərlan Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Lalə İmaməliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
- İyunun 10-da saat 1 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Elşad Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada ölüb.
- İyunun 9-da saat 10 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində Şərur rayon sakini Anar Həsənov idarə etdiyi “Hovo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Məhəmməd Qədiməliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
- İyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub. Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdirilib. M.Namazov orada ölüb.
- İyunun 9-da saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Hər bir faktla bağlı zəruri araşdırmalar aparılır.