Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtdakı “Karvan” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 9-da saat 21 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə 3 mərtəbəli “Karvan” ticarət mərkəzinin sahəsi 300 kv metr olan 1-ci mərtəbəsində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və əşyalar yanıb, orada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyev tüstüdən boğularaq ölüb. Şirvan şəhər sakinləri Ramiz Əhmədov, Ramil İsmayılov və Salyan rayon sakini Nicat İsmayılov xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.