Bu gün Bakı Apelyasiya Məhkəməsində “1001 gecə” restoranda qətl hadisəsi törətməkdə təqsirli bilinən Rəşad Mirələmov barəsindəki məhkəmə hökmündən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb. Lent.az-ın məlumatına görə, zərərçəkmişin hüquqi varisi Nənəş İsmayılovanın vəkili Altay Muradov məhkəmənin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Altay Muradov şikayətində noyabrın 13-də, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı verdiyi vəsatət təmin edilmədiyini qeyd edib.
Məhkəmənin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kasasiya şikayəti verilib. Kassasiya şikayətinin sürəti Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib. Bu səbəbdən məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Zərərçəkmiş tərəfin vəkili kassasiya şikayətində işin ibtidai istintaqa qaytarılmasını və cinayətin digər iştirakçılarının müəyyən edilməsini istəyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Mirələmov ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən istirahət mərkəzində Rəşad Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə cəhd edib.
Rəşad Mirələmov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. O, apelyasiya şikayəti verərək cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.
Rəşad Mirələmov Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğludur.