Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri vasitəsilə dənizdə köməksiz qalan 3 balıqçı xilas edilib.
DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 16 yanvar tarixdə, saat 18:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Mayak” sahil nəzarəti məntəqəsinə bir ədəd qayığın 3 nəfər balıqçı ilə birlikdə dənizdən qayıtmadığı barədə məlumat daxil olub.
Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Neftçala rayon Kürkənd kənd sakinləri Əhmədov Taleh Hacıbala oğlu, Şirəliyev İxtiyar Şirəli oğlu və Ağacanov Bəxtiyar Əsəd oğlu saat 00:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.