Daşkəsəndə güclü külək nəticəsində evlərin dam örtüyünə, elektrik və rabitə xətlərinə ziyan dəyib.
Rayon İcra Hakimiyyəti aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, ötən gün saat 20:00 radələrindən başlayaraq rayon ərazisində yağışla müşayiət olunan güclü külək nəticəsində 10-dan artıq yaşayış və sosial-inzibati binanın dam örtüklərinə ziyan dəyib. Bundan başqa, Daşkəsən şəhərində və rayonun Xoşbulaq, Yuxarı Daşkəsən və digər yaşayış məntəqələrində 50-yə yaxın elektrik dirəyi yıxılıb, naqillər qırılaraq yararsız hala düşüb. Rabitə xətlərinə də ziyan dəyib. Üzərinə ağac düşən bir avtomobil zədələnib.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar.
***
12:59
Dünən saat 20:00-dan etibarən Daşkəsən rayonu ərazisində baş verən təbii fəlakət bir sıra dağıntılara səbəb olub.
Lent.az Region TV-ə istinadən xəbər verir ki, güclü küləklə müşaiyət olunan qasırğa rayonda 10-dan artıq binanın və yaşayış evinin dam örtüyünü tamamilə dağıdıb.
2 saat ərzində davam edən qasırğa Daşkəsənin elektrik və rabitə təsərrüfatına da ciddi ziyan vurub. 50-dən artıq dayaq aşıb, 500 metr məsafədə elektrik xətləri qırılıb, rayonun Xoşbulaq kəndində ağacın aşması nəticəsində 1 avtomobilə ziyan dəyib.
Hadisə ilə bağlı Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşır Qocayevin verdiyi məlumata görə, hazırda aidiyyəti qurumlar baş vermiş təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirirlər.