Cəlilabadda dələduzluq faktı qeydə alınıb.
APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində baş verib. Göytəpə sakini Ramil Allahverdiyev bir neçə gün öncə qonşusu Vüqar Xubalıyevin evinə gələrək ondan rayondakı bankların birindən kredit götürməkdə köməklik göstərməsini xahiş edib. Ramil Allahverdiyev məqsədinə çatmaq üçün bank işçilərinin onun təsərrüfatındakı mal-qaranın qeydiyyatı zamanı Vüqarın da 3 baş inəyini öz təsərrüfatına qatmaqla mala-qarasının sayını olduğundan artıq göstərməyə çalışıb.
Vüqar Xubalıyev növbəti gün inəkləri geri gətirmək üçün qonşusunun evinə getdikdə tam başqa mənzərə ilə üzləşib. Məlum olub ki, Ramil Allahverdiyev qonşusuna məxsus danaları sataraq qaçıb. Qonşusunun etibarından sui-istifadə edərək ona 1000 manata yaxın ziyan vuran Ramil Allahverdiyev hadisəni törətdikdən sonra evdən gedib. Faktı araşdıran Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Şəhər Polis Bölməsindən verilən məlumata görə, Ramil Allahverdiyevin digər dələduzluq əməlləri ilə də bağlı onlara şikayət daxil olub. Onun yaxalanaraq istintaqa cəlb olunması istiqamətində hazırda əməliyyat-axtarış tədbirləri görülür.