Ötən gün axşam saatlarında Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Dənizkənarı Milli Park yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, məlumat alınan kimi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 ədəd gəmisi axtarışlara cəlb olunub, yaxınlıqda üzən gəmilərə məlumat verilib.
Bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin 2 ədəd helikopteri və 2 ədəd gəmisi axtarışlara qatılıb.
Əlavə məlumat veriləcək.