Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.
Evdəki mübahisədən bezərək oğlunun evinə gələn 52 yaşlı Tovuz rayon sakini Tamara Sadıqova 66 yaşlı həyat yoldaşı Cəlal Sadıqov tərəfindən bıçaqlanıb.
İstintaqla müəyyən olunub ki, hadisəni törədən Cəlal Sadıqovun həyat yoldaşı ilə münasibəti kənddəki gəlininə görə pozulub. Həyat yoldaşına da onunla münasibət saxlamamağı təkid edib.
Bıçaqlanan Tamara Sadıqova gəlinindən şikayətçi olmadığını deyib: "Mənim gəlinim pis gəlin deyil. Mənə cavab qaytarmır, mənə qarşı pis deyil. Oğluma qarşı da yaxşı münasibəti var, onu niyə boşatdırmalıyam?"
Zərərçəkənin sözlərinə görə, həyat yoldaşı axşam böyük oğlunun evinə gəlib: “Yedik, içdik, getdik yatmağa. O başqa otaqda yatırdı. Gördüm yorğanı üstümdən götürdü, gözümü acanda bıçaqla vurdu”.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən verilən məlumata görə, hadisə yerindən qaçan 66 yaşlı qocanın axtarışları davam edir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.