Bakı şəhər Baş Polis İdarəsi bir ay əvvəl paytaxtda silahlı quldurluq etmiş dəstə ilə bağlı yeni məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, martın 4-də Y.Suraxanı qəsəbə sakini Elmira Məmmədovanın evinə daxil olan maskalı şəxslər ev yiyəsini tapança və xəncərlə hədələyərək 16000 manat pul alıb gediblər. Keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəxslər, Salyan şəhər sakini Rauf Rəhimov, Balakən rayon sakini Təvəkkül Seyidov, Lənkəran şəhər sakini Rauf Mahmudov, Bakı şəhər sakinləri Tacəddin Qafarov, Kənan Alıyev və Tural Əsgərov tutulub, cinayətin digər iştirakçısı Lənkəran şəhər sakini İbrahim Miriyevin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilib.
Nəhayət, Suraxanı RPİ Cinayət-Axtarış Şöbəsi və 31-ci PB-nin keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Miriyev yaşadığı Hövsan qəsəbəsindəki evdə tutulmuş, həmin ünvanda onunla birlikdə yaşayan Emil Hüseynov və əvvəllər məhkum olunmuş Rəşad Ağayev şübhəli şəxs qismində saxlanılıb. Axtarışlar zamanı qeyd olunan mənzildən quldurluqda istifadə olunan 4 ədəd qara maska, 1 ədəd kəlbətin, 1 ədəd skoç, 2 cüt qara əlcək və 1 ədəd tibb əlcəyi götürülüb. Bundan əlavə, E.Hüseynovdan 6,75 qram həşiş qətranı, R.Ağayevin yaşadığı H.Aslanov küçəsindəki evdən isə «Naqan» tipli tapança və 1 ədəd «Makarov» tapançasına aid patron aşkar olunub.