Fövqəladə Hallar Nazirliyi məcburi köçkünlərin binasında baş verən yanğınla əlaqədar açıqlama yayıb.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının (hazırda məcburi köçkünlər məskunlaşıb) 1-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kv.m sahədə yanıb və yüksək temperaturdan digər otaqda olan 1 ədəd televizor və kondisioner əriyib.
Digər otaqlar yanğından mühafizə olunub. Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
15:53
“Bakıda yaşayış binasında başlayan yanğının qarşısı alınıb”. Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə zamanı Yasamal rayonunun Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasına bitişik tikili yanıb. Əraziyə cəlb edilən FHN-nin əməkdaşları və canlı qüvvəsi tərəfindən yanğının qarşısı alınıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
15:12
Bakıda yaşayış binasında yanğın başlayıb. Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, yanğın Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
Sakinlərin binadan təxliyə edildiyi bildirilir.