Dünən axşam saatlarında Bakıda intihara cəhd hadisəsi olub. APA TV-nin məlumatına görə, 29 yaşlı Ədilov Ceyhun Əbülfət oğlu paytaxtın Nəsimi rayonu ərazisində, Bəşir Səfəroğlu və Cəfər Xəndan küçələrinin kəsişməsindəki çoxmərtəbəli binadan özünü atmaq istəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.
Əvvəlcə intihara cəhdin səbəbi barədə. Ceyhun Ədilov sevgilisi ilə Bakıdakı barlardan birində pivə içib. Sevgililərin qarşılıqlı pivə içməsinin sonu yaxşı olmayıb. Onların arasında mübahisə yaranıb və qız Ceyhundan ayrılmaq istədiyini bildirib. Bu, Ceyhun Ədilovun xoşuna gəlməyib və o, sevgilisini intihara cəhdlə hədələyib. Amma qız da ürəyiyumşaq olmayıb və bildirib ki, hətta Ceyhunun intiharı da onu niyyətindən döndərə bilməz. Beləliklə, intihar arzusu Ceyhunu çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanına aparıb çıxarıb.
Ceyhunun eyvandakı davranışları ziddiyyətli olub. O, bəzi vaxtlarda özünü çox sərbəst aparıb, siqaret çəkib, su içib, telefonla danışıb. Bəzən isə özünü atmağa çalışıb, amma sonra fikrindən daşınıb. Xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları bu müddət ərzində Ceyhunun eşqindən eyvana çıxdığı qızla danışıblar. Qız inadından dönməyib və hadisə yerinə gəlmək istəməyib.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. Ceyhun Ədilov polisə təhvil verilib.
***
20.03
APA-nın məlumatına görə, həmin şəxs 1985-ci il təvəllüdlü Ədilov Ceyhun Əbülfət oğludur. O, FHN əməkdaşları tərəfindən xilas edilib.Bakıda intihar etmək istəyən şəxs xilas olunub.
C. Ədilovun bildirdiyinə görə, intihar etmək istəməsinə səbəb sevdiyin qızın ondan ayrılmaq istəməsi olub.
***
18.05
Bakıda gənc oğlan intihara cəhd edir. APA-nın məlumatına görə, hadisə paytaxtın Bəşir Səfəroğlu küçəsi-91 ünvanında qeydə alınıb.
Şəxsiyyəti hələlik məlum olmayan gənc oğlan hündür mərtəbəli binanın eyvanından özünü atmaq istəyir. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.