Bakıda yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Balarza Mirzəyev küçəsində Üzeyr Mirzeyevə məxsus evdə qeydə alınıb. Bu barədə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX) qonşular xəbər verib. 80 kv.m sahəsi olan evin 12 kv.m sahəsi yanıb. Yanan evdə xeyli zibil yığılıb. Yanğınsöndürənlər alovun qonşuların evinə keçməsinin qarşısını alıblar. DYMX-nin 18-ci Yanğından Mühafizə Hissənin rəisi İlqar Abbasov deyib ki, həyətdə tullantılar yığılıb: "Qonşular da buna heç bir reaksiya verməyiblər".
İlqar Abbasov bildirib ki, bu cür zibiliyin qarşısı alınmasa daha böyük təhlükələr yarada bilər: "Vaxtında lazımı orqanlara xəbər verilsəydi, zibillər həyətdən evdən yığışdırılardı. Əks təqdirdə gələcəkdə belə hadisə baş verərsə, qonşuların evinə də keçə bilər".
Üzeyir Mirzəyev ziyalı ailədəndir. Elə adını daşıdığı küçədə onun babasının adınadır. Qonşular deyirlər ki, ev sahibi 17 ildir, belə həyat tərzi keçirir: "Çox abırlı-həyalı ailənin nümayəndəsidir. Amma xəstədir. Küçədə, zibillikdə nə görür, yığıb gətirir". Qonşuların verdiyi məlumata görə, o, zibillikdən yığdıqlarını satmaqla kitab alıb oxuyur. Bu vəziyyətə isə keçirdiyi qəzadan sonra düşüb.