Qondarma Dağlıq Qarabağ Respublikasının “ali məhkəməsi” Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar-Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayətinə baxacaq.
APA-nın Ermənistanın news.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Arkadi İsraelyan məlumat verib. Proses mayın 27-nə təyin olunub.
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “apellyasiya məhkəməsi” Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “birinci instansiya məhkəməsinin hökmünü” qüvvədə saxlayıb.