“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Macar Turan Fondunun nümayəndələri və jurnalistlərdən ibarət nümayəndə heyətinin iştirakı ilə “Azərbaycan - Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə təşkilatçı qurumlarım rəhbərləri ilə yanaşı, Azərbaycan Milli Məclisinin deputatları, QHT rəhbərləri və tanınmış KİV təmsilçiləri də iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva macar qonaqlarla birlikdə Bakı, Quba, Tovuz və başqa bölgələrdə, ayrı-ayrı auditoriyalarda maraqlı görüşlər keçirildiyini deyib. Millət vəkili macar nümayəndə heyətinin Azərbaycan həqiqətləri ilə, o cümlədən Xocalı soyqırımının, torpaqlarımızın işğalı faktının ölkəmizə, xalqımıza vurduğu ağır zərbələrlə tanış olduqlarını bildirib. Macarıstanda Şuşa ilə, Ağdamla qardaşlaşmış şəhərlərin olduğuna diqqət çəkən Q.Paşayeva bu səfərdən sonra Macarıstanda və bütövlükdə Avropada haqq səsimizin daha geniş yayılacağına inandığını qeyd edib.
Macar nümayəndə heyətinin başçısı, Macar Turan Vəqfinin başqanı Androş Biro səfərin artıq bu günədək gerçəkləşmiş hissəsindən duyduqları məmnuniyyəti dilə gətirərək, Macarıstan – Azərbaycan münasibətlərinin dünəni, bu günü və gələcəyi mövzusunda fikirlərini bölüşüb.
O və macar nümayəndə heyətinin digər üzvləri bildirdilər ki, Azərbaycan və macar xalqlarını tərəfdaş münasibətlər deyil, qohumluq əlaqələri bağlayır və macar xalqı Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı həqiqətlərin Macarıstanda və bütövlükdə Avropada geniş yayılmasında əllərindən gələn dəstəyi göstərməyi qardaşlıq borcu sayırlar.
Millət vəkili, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İB-nin İdarə Heyətinin üzvü Elman Məmmədov isə diqqəti Azərbaycan torpaqlarının işğalı faktına, Macarıstanın Azərbaycanın taleyüklü problemlərinə bəslədiyi münasibətə çəkərək, Azərbaycan üçün önəm daşıyan məqamlarda göstərdiyi qardaşlıq sədaqətinə görə təşəkkür etdi.
Tədbirin sonunda nümayəndə heyətinin başqanı A.Biro iki qardaş ölkə arasında ictimai-mədəni işbirliyinə verdiyi töhfələrə görə xüsusi plaketlə təltif edilib.
Qeyd edək ki, macarların respublikamıza səfəri 13 iyunda başa çatır. Səfərin son günü qonaqlar macar mədəniyyət örnəklərini və milli sənətlərini nümayiş etdirəcəklər.