Bakı Apellyasiya Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə heyətinə verdiyi etirazla bağlı qərar elan edilib.
Lent.az-ın məlumatına görə, məhkəmə onların etirazı qəbul edib. İş yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi baxılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.
Qeyd edək ki, bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılırdı. Lakin 4 müdafiəçi və zərərçəkənlər cinayət işinin baxılması ilə bağlı məhkəmə heyətinə etiraz edib.
Xatırladaq ki, ittihama görə, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Afaq( ad şərtidir) və Lalə( ad şərtidir) oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin Fərid Azayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.