ANAMA iyunun 4-də Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.
Agentlikdən Lent.az-a verilən məlumata görə, Tərtər rayonunda 5 ev və həyatyanı sahə, 12 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi və 3 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb və nəticə etibarilə 43 500 kv. m ərazi təmizlənib.
Ağdam rayonunda isə cəmi 3 əkin sahəsi, 3 partlayış yeri aşkar edilib, nəticə etibarı ilə 1 700 kv. m ərazi təmizlənib.
Ümumilikdə isə ötən gün ərzində 5 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 18 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd partlamamış 122 mm-lik top mərmisi və 3 ədəd qrad raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 54 200 kv. m ərazi təmizlənib.
Qeyd edək ki, Agentlik tərəfindən 7 Aprel – 04 İyun tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 573 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 493 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda isə Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.