Ağsu rayon sakini 3 uşaq anası olan həyat yoldaşını bıçaqlayıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ağsu şəhərinin M. Əzizbəyov küçəsindəki 3 saylı mənzildə qeydə alınıb. Padar kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Zeynal Əlisuvar oğlu aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Səadət Azər qızını bıçaqlayıb. Döş qəfəsinin daxilə keçən kəsilmiş yarası, ağ ciyərin zədələnməsi diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Səadət Əliyevanın vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Üç uşaq anası olan Səadət Əliyevanın qısqanclıq zəminində həyat yoldaşı ilə arasında baş verən ailə münaqişəsi zamanı bıçaqlandığı bildirilir. Məlumata görə, gənc ailə bir neçə vaxtdır ki, Ağsu şəhərində qadının atasına məxsus evdə yaşayıb və bıçaqlanma hadisəsi də həmin mənzildə baş verib.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.