Aprelin 23-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xanımı və ABŞ hökumətinin sponsorluq etdiyi FLEX proqramının məzunları ilə birgə Yer Gününü qeyd edib. Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbir çərçivəsində Abşeron yarımadasında yerləşən çimərlikdə təmizlik işlərini həyata keçirib.
Təmizlik işlərindən sonra səfir Sekuta Abşeron Dövlət Parkına səfər edərək “Parklarda Gəzinti” kampaniyasına start verildiyini elan edib və kampaniya çərçivəsində gələn il ərzində Azərbaycanın bütün milli parklarına səfər etmək niyyətində olduğunu bildirib.
Səfir Azərbaycanın milli parklarına səfər etməsinin ABŞ-ın milli park sisteminin yüzillik ildönümünə təsadüf etdiyini qeyd edib.
Səfir Sekuta Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycanın milli parklarına səfər etmək imkanının yaradılmasına və parkların işçi heyətinə sözügedən səfərlərin gerçəkləşməsində göstərilən yardıma görə təşəkkür edib.
Məzunların çimərlik təmizləmə tədbiri FLEX proqramının məzunları tərəfindən irəli sürülən və hər il baş tutan bir tədbirdir. Sözügedən məzunların əksəriyyəti ABŞ-da orta məktəb və ya universitet tələbələridir ki, onlar ABŞ ailələrində yaşayaraq bir il ABŞ-ın orta məktəblərində təhsillərini davam etdiriblər. Bu ilki Yer Gününün qeyd olunmasında ABŞ-da təhsil almış 25 məzun və ABŞ səfirliyinin 15 nümayəndəsi iştirak edib.