ABŞ, Ermənistan və Azərbaycan prezidentlərini əsas məsələlər istiqamətində dialoqu davam etdirmək üçün ən yaxın zamanda görüşməyə çağırıb
ABŞ, iyulun 31-də təmas xəttində itkilərin əhəmiyyətli dərəcədə artmasına səbəb olan zorakılıq kəskinləşməsindən narahatlığını ifadə edib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. “Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri gərginliyi dərhal azaltmağa və atəşkəsə riayət etməyə çağırırıq. Münaqişənin hərb yolu ilə həlli mövcud deyil. Cavab zərbəsi və ya zorakılığın davamı, sülh yolu ilə həllin əldə edilməsini daha da çətinləşdirəcək”, deyə Dövlət Departamentinin məlumatında bildirilir.
ABŞ, Ermənistan və Azərbaycan prezidentlərini əsas məsələlər istiqamətində dialoqu davam etdirmək üçün ən yaxın zamanda görüşməyə çağırıb: “Biz həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin sülh razılaşmasının əldə edilməsinə yardımçı ola biləcək, danışıqlar prosesinə başlanılmasına dair təklifini qəbul etməyə çağırırıq. Biz Minsk Qrupu prosesini dəstəkləyir və davamlı həll yolu üçün səylərə yardım etməyə hazırıq”, deyə Dövlət Departamentinin bəyanatında qeyd olunur.