Azərbaycan Müdafiə Nazirliyiermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audio yazıya münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı saxtadır: “Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmən tərəfinin yaydığı məlumatlar kökündən yalandır”.
V. Dərgahlı hazırda cəbhə xəttində vəziyyətin stabil olduğunu bildirib: “Hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir”.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin guya itki verməsi barədə telefon danışıqlarından ibarət səs yazısı yayıb.