Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 8-də Yasamal rayonu ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib. Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi “BPO-208” markalı tüfəngi təhvil verib.