Gürcüstanda Borjomi-Xarqulsk qoruğunda baş vermiş yanğınların söndürülməsində iştirak etmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi hadisə yerini tərk edərək, Vətənə qayıdıb.
APA-nın yerli bürosu Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyinə istinadla xəbər verir ki, Ermənistandan olan yanğınsöndürənlər də ölkələrinə qayıdıb, Türkiyə və Belarusdan olan dəstələr isə bu gün Gürcüstanı tərk edəcək.
Yanğınla bağlı yaradılmış xüsusi qərargah isə hələ bir neçə gün fəaliyyət göstərəcək.
Gürcüstan yanğınsöndürənləri hələ Borjomidə qalacaq.
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi.