Bakıda resotoranda baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi, Nərimanov RPİ, Qazax RPŞ və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Səbail rayonu ərazisindəki “Bulaq” restoranında baş vermiş münaqişə zamanı “Makarov” markalı tapançadan atəş açaraq F.Əkbərova və S.Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub. Onun hadisəni törədərkən istifadə etdiyi silahı gizlətmək üçün həmyerlisi Cavidan Şeydayevə verməsi müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq C.Şeydayev tutulmuş, onun kirayədə yaşadığı mənzilə baxış zamanı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 2,510 qram heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.