Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs ediblər. Lent.az Rusiyanın fontanka.ru xəbər portalına istinadən xəbər verir ki, bu gün diplomatın 27 yaşlı oğlu Emil Osmanov Vyanadan Minskə gəlib və burada onu “Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.
Bildirilir ki, Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.
Rusiya Cinayət Məcəlləsinin 172-ci (“Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.
Qeyd edək ki, Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur. O, virtual.az-a açıqlamasında oğlunun tutulması barədə xəbəri təsdiq edib: “Bu mənim ilk nikahımdan olan oğlumdur. Hələlik işin təfərrüatları ilə tanış deyiləm. Çox təəssüflənirəm”.
Onu da qeyd edək ki, Qüdsi Osmanov ilk ailəsi ilə əlaqələri itirib və uzun illər oğlu ilə ünsiyyət qurmayıb. Emil Osmanov problemli uşaq olub və atası onun tərbiyəsində iştirak etməyib.
Qüdsi Osmanov hazırda ikinci dəfə evlidir və ikinci evlilikdən 3 uşağı var.