Hövsan qəsəbəsində 1940-cı il təvəllüdlü Melli Həmzə qızı Sultanovanı qətlə yetirilən şəxslər müəyyən edilib. APA TV-nin məlumatına görə, Suraxanı rayon 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. Qətli törədənlər mərhumun qonşusu, Vüsal adlı şəxs və onun dostu olub. Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, hadisə tamah məqsədi ilə törədilib. Mənzildən qızıl-zinət əşyaları və bir neçə əşya oğurlanıb. İstintaqın ilkin qənaətinə görə, qadının evdə tək yaşadığını bilən qonşusu digər dostuna evə basqın etməyi təklif edib. Qapı döyülüb, Melli Sultanova qonşusu Vüsalın gəldiyini görərək qapını açıb. İçəri girən qonşu qadınla oturub söhbət etdikdən sonra gəlinin evə gəlməyəcəyini, oğlunun isə Ukraynada olduğunu dəqiqləşdirib. Daha sonra qadını boğmağa başlayıb. Bundan sonra dostunu çağıraraq evi axtarmağı təklif edib. Qadının tərpəndiyini görən şəxslər masanın üstündə olan külqabını onun başına vurublar. Qadının daxili qanaxmadan öldüyü bildirilir.
Qeyd edək ki , Melli Sultanova uzun illər müxtəlif idarə və təşkilatlarda baş mühasib işləyib.
*** 11: 21 22.04.2016 ***
Bakıda qətl törədilib. Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1940-cı il təvəllüdlü Melli Həmzə qızı Sultanovanın üzərində xəsarət olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı məqsədlə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.