“İşğalın qurbanı” layihəsi çərçivəsində Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun birgə əməkdaşlığı sayəsində istehsal olunan və Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi bu gün axşam saat 22:30-da İctimai Televiziyada, sabah isə CBC kanalının efirində yayımlanacaq.
BAMF-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermən qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini, leytmotivini təşkil edir.
Filmin direktoru Qabor Szabo, rejissoru Erik Boqnardır. Film Macar Turan Fondunun sədri Andras Bironun ssenarisi əsasında çəkilib .
Məlumat üçün qeyd edək ki, “Atəşkəs” filmi ilk olaraq 2015-ci ilin dekabr ayının 8-də Macarıstanın paytaxtı Budapeşt şəhərində millət vəkilləri, hökumət nümayəndələri, 5 şəhərin meri, tanınmış ictimai-siyasi xadimlərin, jurnalistlərin iştirak ilə “Uranium” festival salonunda nümayiş olunub. Daha sonra isə sənədli film bu ilin fevral ayının 17-də Nizami Kino Mərkəzində azərbaycan dilində nümayiş olunub.