Bakıda avtomobil qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 27-də saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonunun Füzuli küçəsindən Bakı şəhər sakini Sərxan Quliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan avtomobil İnşaatçılar prospektində Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə nəqliyyat vasitəsi ilə birgə aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.