“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıxov APA-ya açıqlamasında buna görə yeni qəzet köşklərində yayım işini həyata keçirən “Əks-səda” firmasını günahlandırıb.
B. Sadıxov bildirib ki, “Azərbaycan” qəzeti ilə “Əks-səda” firması arasında əməkdaşlıq 2014-cü ilin yanvarında başlanıb. 2014-cü ilin yanvar ayında bu firmaya 18 gün ərzində hər gün 50 nüsxə olmaqla, 900 nüsxə qəzet verilib, qəzet ayın sonunda satılmadığı bildirilərək 702 nüsxə qaytarılıb. 198 qəzetin satışı ilə bağlı isə “Azərbaycan”a mart ayında 59 manat ödənilib. Qayıdışın çox olması səbəbindən əməkdaşlıq dayandırılıb.
“Azərbaycan” qəzeti ilə “Əks-səda” firması arasında əməkdaşlıq 2014-cü ilin noyabr ayında bərpa edilib. Həmin ay hər gün 150 nüsxə olmaqla 9 gün ərzində firmaya satış üçün 1350 nüsxə qəzet verilib, bu qəzetlərin cəmi 235 nüsxəsi, 2015-ci ilin yanvar ayında 26 gün hər gün 150 nüsxə olmaqla satış üçün verilmiş 3900 nüsxə qəzetin cəmi 488 nüsxəsi satılıb. Sonuncu dəfə isə may ayında firmaya satış üçün 3600 nüsxə qəzet verilib, onlardan cəmi 186 nüsxəsi satılıb, 3414 nüsxə isə geri qaytarılıb. Bundan sonra firma ilə əməkdaşlıq bir daha dayandırılıb.
“Əks-səda” firması ilə Mətbuat Şurasının tövsiyəsi ilə əməkdaşlıq etdiklərini söyləyən B. Sadıxov bildirib ki, qayıdış faizi çox olduğu üçün aybaay firmaya verilən qəzet sayı azaldılıb, ancaq qayıdış faizi azalmayıb: "Mən əməkdaşlarımıza dedim ki, ay ərzində həftənin müxtəlif günlərində işə gəlməzdən qabaq evlərinin yaxınlığındakı “Əks-səda” firmasının 2-3 köşkünə baş çəkib, qəzetimizin həmin köşklərdə satılıb-satılmadığı ilə maraqlansınlar. Məlum oldu ki, köşklərin çoxuna “Azərbaycan” qəzeti verilmir. Araşdıranda gördük ki, bu firma bazar günləri ümumiyyətlə, köşklərə qəzet vermir. Mən firma rəhbərindən bunun səbəbini soruşanda, dedi ki, bazar günü bir çox qəzetlər çıxmır, ona görə də köşklərə qəzet vermirlər. Bu köşklər mini-bazar funksiyasını yerinə yetirir. “Əks-səda”nın köşkləri paytaxtın əhalinin sıx hərəkət etdiyi yerlərdə, metroların qarşısındadır. Onlar üçün qəzet satmaq ən sonuncu dərəcədə aşağı bir işdir”.
B. Sadıxov keçən il 2 ay apardıqları araşdırmalar zamanı “Əks-səda” firmasının köşklərində "reket" qəzetlərin daimi olduğunu üzə çıxardıqlarını da qeyd edib: ““Reket" qəzetlərin təmsilçiləri özləri qəzetlərini bu köşklərə paylayırlar, çünki onlara da lazımdır ki, qəzetləri bütün gün orada qalıb, reklam olunsun. Həmin "reket" qəzetlər üçün satılıb-satılmamağın fərqi yoxdur, pulu başqa yolla qazanırlar. Köşkdəki satıcıdan soruşursan ki, “Azərbaycan” qəzeti var, deyir ki, yoxdur, gətirmirlər. Səbəbini soruşursan, deyir, məlumatı yoxdur, müdir bilir. Bu dərəcədə laqeyd, biganəlik olmaz. Deməli, əhalinin gur olduğu, çox işlək yerlərdəki köşklər kimlərinsə cibinə, biznesinə xidmət edir. Köşklərdə gün ərzində başda siqaret olmaqla, xırda-xuruş alver böyük gəlir gətirir. Bu firmaya imkan yaratmışdılar ki, şəhərin gur yerlərinə köşkləri qoysunlar. Ancaq qəzet bunlar üçün arzuedilməz məhsuldur. Biz qəzetimizi onlara verməklə çölə tullanmış olduğunu gördük. Heç olmasa qəzetə bir az hörmətlə yanaşsınlar. Hələ üstəlik bizə dedilər ki, satılmayan qəzetlərə görə onlara 10 faiz ödəniş edək, guya qəzetləri köşklərə paylayanda yanacaq sərf edirlər. Satmadıqları məhsula görə pul istəyirlər. Faydasını özlərinə götürüb, ziyanı bizim üzərimizə qoyular. Həmin firmanın rəhbərini də dəvət etdim. Söhbətdən gördüm ki, o bizi özünə borclu hesab edir. Bu cür münasibətdən sonra həmin firma ilə əməkdaşlıqdan qəti imtina etmişik”.
B. Sadıxov 1 ildir, redaksiyaya 45 min manat borcu olan “Qasid” firması ilə də əməkdaşlıq etmədiklərini nəzərə çatdırıb: "Yalnız “Qaya” firması ilə ödəniş normal olduğu üçün əməkdaşlıq edilir, bu firmaya gündəlik 200-300 qəzet veririk. “Qaya” firmasından da gündəlik 20-30 faiz, yəni az qayıdış olur. Bazar iqtisadiyyatıdır, qəzet biznesdir, biz təsərrüfat hesablıyıq. Mən qəzeti satış üçün onlara verməklə, onların təqsiri ucbatından özümə iqtisadi, maliyyə ziyanı vururamsa, niyə verməliyəm? Ona görə də “Azərbaycan” qəzetini hazırda bütün köşklərdə tapmaq mümkün deyil, belə getsə, mümkün də olmayacaq. Normal əməkdaşlıq edəcək firma tapa bilmədiyim üçün hazırda köşklərə normal sayda qəzet verə, o ziyanı üzərimə götürə bilmirəm. Qəzetimiz hazırda əsasən abunə yolu ilə yayılır”.
"Əks-səda" firmasının rəhbəri Vüqar Həsənli isə APA-ya açıqlamasında deyib ki, “Azərbaycan” qəzetinin köşklərdə olmamasını o da pis qarşılayır: “Bu köşklər "Paris köşkləri" adlanır, Parisdə köşklər o dizaynda, formadadır. Köşklər Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Köşklərdə satılan başqa məhsulların da gəliri bizə aid deyil. Biz yalnız o köşklərə qəzetlərin çatdırılmasının təşkili ilə məşğuluq, satıcılar da bizim işçilər deyil. Mənim də xüsusi marağımdadır ki, o köşklərdə daha çox qəzet və jurnal satılsın, bizə də bu satışdan daha çox gəlir gəlsin. Məsələ ilə bağlı mən Bəxtiyar müəllimlə görüşdüm. Xahiş etdim ki, yalnız satılmayıb geri qayıdan qəzet nüsxələrini qəbul etməklə, hansı şərtlər, hansı qayda sizi qane edirsə, o şərtlərlə “Azərbaycan” qəzetini bizim firmaya verin. Təklif etdik ki, redaksiya, bizim firma monitorinqlər aparsın, yerlərdə qəzetin satışı ilə maraqlanaq, çatışmazlıqların aradan qaldırılmasında birgə səy göstərək, çalışaq ki, köşklərə tələbat olduğu qədər qəzet göndərək. Başqa sözlə, istəyirik ki, monitorinqlər nəticəsində köşkdəki satıcının verdiyi sifariş əsasında mətbu nəşrlərin satış nöqtələrinə ekspedisiyasını müəyyən edək. Həm də son nəticədə redaksiyanın tirajla bağlı verəcəyi qərar əsas götürülsün, biz yalnız tirajla bağlı təklif veririk. Bu şərtimizi qəbul etmədiyi, mən də satılmayan nüsxələrin pulunu cibimdən vermək kimi həvəsimin olmaması səbəbindən Bəxtiyar Sadıxovun qərarına hörmətlə yanaşdım. Zorla kimdənsə qəzet ala bilmərəm”.
“Azərbaycan” qəzetinin “Əks-səda” firmasına verildiyi dövrlərdə köşklərdə aparılan monitorinqlər zamanı qəzetin olmamasına gəlincə, V. Həsənli hesab edir ki, köşklərə qəzetin tamamilə göndərilməməsi söhbəti ola bilməz: "Ola bilər, vitrinə qoyulmayıb, yaxud qeyri-peşəkar əməkdaşın o qəzeti tapıb verməməsi kimi tənbəllik olub. Bunu ümumən bütün şəhərdəki köşklərə şamil etmək olmaz. Digər qəzet redaksiyalarından bu cür ittihamla rastlaşmamışıq. Satılmayan qəzetlərə görə haqq məsələsi ilə bağlı deyilənə gəlincə, məsələ elə deyil. Biz təklif edirik ki, satılan qəzetin 10 faizi köşk satıcısı, 20 faizi isə daşıma xərcləri üçün nəzərdə tutulsun. Ümumilikdə, satışın 30 faiz xərcdən söhbət gedir. Bu da Mətbuat Şurasının, redaktorların iştirakı ilə keçirilən iclasda müəyyən olunmuş müqavilə şərtləridir”.