Bu ilin 6 ayı ərzində qeydə alınmış 95 qəsdən adam öldürmə cinayətinin 84-nün, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərindən 19-nun isti izlərlə açılması təmin olunub. Lent.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.
Həyata keçirilmiş çoxsaylı istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, hesabat dövründə 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı şəhərinin Suraxanı rayonunda, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində, habelə İmişli, Neftçala, Tərtər, Qax, Salyan, Xaçmaz və Xızı rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib. Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan bütün qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.