Rusiyanın Tümen şəhərində polis küçədə və ticarət mərkəzində yeniyetmələri döyən gəncləri müəyyən edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk öz Telegram kanalında məlumat verib.
Onların zərərçəkənlərdən biri ilə eyni məktəbdə oxuyan azyaşlılar olduğu üzə çıxıb.
7 və 8-ci sinif şagirdləri olan bir qrup yeniyetmə öz həmyaşıdları ilə dalaşıb videoya çəkərək, internetdə yayımlayıblar.
Azərbaycanın “Odlar Yurdu” gənclər təşkilatı mediaya açıqlamasında gənclərlə profilaktik söhbətlər apardıqlarını bildirib.
“Qrup səkkiz nəfərdən ibarətdir: dörd rus oğlan, iki azərbaycanlı və iki rus qız. Onlar məktəb səviyyəsində məişət zəminində dava ediblər. Nə isə paylaşmayıblar, məktəbin arxasına keçiblər, bir-birləri ilə dalaşıb qaçıblar”, - deyə qurumun rəhbəri Munis Mustafayev qeyd edib.
Mustafayev vurğulayıb ki, azyaşlılar heç bir qrupa daxil deyil və onların hər biri ilə bağlı iş aparılır.