Qubada şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hamilə vəziyyətində olan 23 yaşlı Səbinə Əmrahovanın iyulun 14-də ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilməsi, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özünün və bətnindəki dölün ölməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq.
***
10:34
Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının ölümü qeydə alınıb.
Lent.az-ın məlumatına görə, 5 aylıq hamilə qadının antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.(APA)