Prokurorluq tərəfindən tədbir görülən şəxslərdən biri də Qusar rayonu Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Ağacanovdur.
Rəsmi məlumatda qeyd olunur ki, prokurorluq tərəfindən internet informasiya ehtiyatında intiharla bağlı qadağan edilmiş məlumatları yayması ilə əlaqədar Qusar rayonu,Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova dekabrın 20-də “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.
Lent.az prokurorluğun xəbərdarlıq etdiyi məktəb direktoru ilə əlaqədar araşdırma aparıb. Məlum olub ki, adı çəkilən direktorun rəhbərlik etdiyi Qusar rayonu Yuxarı Zeyxur kənd orta məktəbində bu ilin dekabrında intihara cəhd hadisəsi olub. Belə ki, 8-ci sinif şagirdi olan 14 yaşlı qız özünü məktəbin 3-cü mərtəbəsindən atıb.
Məktəbin direktoru Hikmət Ağacanov hadisə ilə bağlı mediaya açıqlama verib. O qeyd edib ki, adıçəkilən şagird idman dərsindən su içmək üçün icazə alıb:
“Bu vaxt binanın 3-cü mərtəbəsinə qalxaraq öz siniflərinə daxil olub, pəncərədə ayaqlarını sallayaraq oturub. Bu halı görən təşkilatçı müavin şagirdə içəri keçməsini deyərək, sinifə qalxmağa başlayıb. Lakin sinifə çatdıqda, qız artıq özünü atıb.
Ötən gün baş çəkdim. İki dəfə uzi ediblər, daxili orqanlarında heç bir problem yoxdur. Sağ ayağı sınıb, qabırğaları zədələnib, dabanı əzilib. Bildiyim qədərilə bu gün əməliyyat olunacaq. Məktəblinin ailəsində problemlər yaşanırdı və o internetdə “mavi balina” (sui-qəsd) oyunu oynayırdı”.