Partlayıcı satanları hansı cəza gözləyir? - RƏSMİ
22 dekabr 2021 15:27 (UTC +04:00)

Partlayıcı satanları hansı cəza gözləyir? - RƏSMİ

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu pirotexniki vasitələrin satışı ilə bağlıdır.

Məlum olduğu kimi, Azərbaycanda bayramlarda, xüsusən, Yenil il ərəfəsində ortaya çıxan pirotexniki vasitələr və digər partlayıcı maddələrin satışı qanunla qadağandır. Amma buna baxmayaraq, bəziləri bu vasitələri gizli, qanunsuz yollarla əldə edərək onun satışı ilə məşğul olur.

Görəsən, qanunvericiliyə görə, həmin partlayıcıları satanları hansı cəza gözləyir?

Rubrikamızın sualına, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev aydınlıq gətirib. O bildirib ki, “Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında” Prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanına əsasən pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə FHN tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir:

“Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul  şəxslər  barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilir.

Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.

Dekabrın 1-dən bu günə qədər pirotexniki məmulatlarla 23 fakt aşkarlanıb. Həmin faktlar üzrə 200000-nə yaxın (iki yüz min) müxtəlif təyinatlı pirotexniki vasitə satışdan çıxarılıb. Tədbirlər davam edir.

Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Mehman Nəbiyev

Oxşar yazılar