Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 15 yaşlı Adam Kadırov yeddinci mükafatı alıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu dəfə respublikanın müftisi Salah Mejiyev onu 1-ci dərəcəli “İslam dininə xidmətə görə” ordeni ilə təltif edib. Bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, mükafatlandırma mərasimində Şimali Qafqazın bütün bölgələrinin müftiləri, eləcə də digər ölkələrin din xadimləri iştirak ediblər. Onların hamısı “Müasir çağırışlar kontekstində mənəvi dəyərlər dağıdıcı ideologiyanın qarşısının alınmasının əsası kimi” Beynəlxalq Elmi-Praktik Konfransda iştirak ediblər.
“Orden İslamın möhkəmlənməsinə və onun dəyərlərinin qorunmasına mühüm şəxsi töhfəsinə görə verilib!” – Dudayev yazıb.
Noyabrın əvvəlində Dudayev bildirib ki, Adam Kadırov erkən yaşlarından Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində dünyanın ən yaxşı təlimatçılarından hərbi işlər və taktiki atıcılığı öyrənir.
Nazir onu da qeyd edib ki, Adam Kadırov əla silah atıcısıdır və ondan istifadə etməyi bilir.