Xəbər verdiyimiz kimi, Rusiyada müsadirə olunaraq dövlət əmlakına çevrilən “Tuapse Dəniz Kommersiya Limanı” MMC keçmiş sahibi, azərbaycanlı iş adamı Şahlar Novruzova qarşı vurduğu zərərin ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib.
Lent.az xəbər verir ki, Rusiyanın Baş Prokurorluğu və Federal Dövlət Əmlakının İdarə Edilməsi Agentliyi üçüncü tərəf qismində məhkəmə prosesinə cəlb olunub. İddia ərizəsində tələb olunan məbləğ açıqlanmır.
Məhkəmə iclası oktyabrın 5-nə təyin edilib.
Xatırladaq ki, 2025-ci ilin noyabrında Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun limanın dövlət xeyrinə müsadirə edilməsi ilə bağlı iddiasını təmin edib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, hələ 1990-cı illərdə limanın əmlak kompleksi qanunsuz şəkildə dövlət mülkiyyətindən çıxarılıb. Sonradan strateji aktiv üzərində nəzarət xarici investorların, o cümlədən Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkətinin əlində cəmləşib. Nəzarət orqanının versiyasına görə, bu hal ölkənin iqtisadi təhlükəsizliyi üçün risk yaradıb.
2026-cı ilin fevralında On Beşinci Arbitraj Apellyasiya Məhkəməsi aktivin müsadirəsi ilə bağlı qərarı dəyişmədən qüvvədə saxlayıb.
Şahlar Novruzovun özü isə xüsusilə külli miqdarda dələduzluğa cəhdlə bağlı cinayət işinin fiqurantıdır.
