Həbsdə olan "Beniz" danışdı, məhkəmə tələbi RƏDD ETDİ
09 dekabr 2025 17:40 (UTC +04:00)

Həbsdə olan "Beniz" danışdı, məhkəmə tələbi RƏDD ETDİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli "tiktok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə dövlət ittihamçısının təqsirləndirilən şəxslə sual-cavab mərhələsində davam edib. Təqsirləndirilən Aybəniz Xəlilova o insanla heç bir əlaqəsinin olmadığını bildirib: 

"Onlar bir az məşhurlaşan birini görən kimi şantaj etməyə başlayırlar. O da girib mənim canlı yayımıma, başladı mənə hədə-qorxu gəlməyə. Bundan sonra onu bloka atdım. 18600 manatın mənimlə heç bir əlaqəsi olmayıb. Hər həftəsonu rayonlarda, daha sonra Türkiyə və Dubayda olmuşuq. Arada qısqanclıq zəmnində anlaşılmazlıq olsa da, tez barışmışıq. Biz ailə olmuşuq, mən niyə onu şantaj edim? Mən özümü kifayət qədər təmin edən qadınam, kimsənin puluna ehtiyacım olmayıb. Belə olduğu halda, mən necə pulla kimisə şantaj edə bilərəm? Kartıma təbii ki, pullar atıb, o da məişət qayğıları üçün idi ki, bunu külli miqdar adlandırmaq gülüncdür. Münasibətlərimiz 2024-cü ilin 19 oktyabrından gərginləşib: səbəbi evimi məndən xəbərsiz banka girov qoyması və bu səbəbdən bankın evimi satışa qoyması idi.

Bundan sonra ondan ayrıldım. Ayrılmaq qərarımdan sonra sosial şəbəkələrdə şərəf və ləyaqətimi təhqir etməyə başladı. Dözə bilmədim və onu 35-ci bölməyə şikayət etdim. Bizim yerlərimiz səhv düşüb burada. Əslində mənim yerimdə indi o, olmalı idi".

Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi zərərçəkmiş şəxsin yenidən dindirilməsini məhkəmədən istəyiblər. Həmçinin müdafiə vəkili təqsirləndirilən A. Xəlilovanın həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatətin təmin edilmədiyini elan edərək, növbəti prosesi 13 yanvar saat 15:30-a təyin edib.

Xatırladaq ki, X.Kərimov adlı şəxs "Beniz" ləqəbli "tiktok"er A.Xəlilova barəsində Suraxanı rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib. Bu əməlinə görə, "tiktok"er A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar