“Bakcell” Qarabağda əməkdaşının yaralanması ilə bağlı xəbərlərə münasibət bildirib.
Şirkətən Lent.az-a daxil olan açıqlamada bildirilir:
“Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur. Hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub".
***
saat 09:17
Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 28 yaşlı Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumaat görə, ilkin araşdırmalarla “Bakcell Telecom” MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.