Gündəlik olaraq, paytaxt və ya digər bölgələrdə evlərdən, marketlərdən irili-xırdalı oğurluq hadisələri ilə bağlı məlumatlar yayılır. Əvvəllər də əlbir olmuş şəxslərin dəmiryol relslərini oğurlamaq istəməsi, amma saxlanılması barədə xəbərlər vermişik. Növbəti belə hadisə Xaçmazda olub.
***
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 24-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı dəmir yolu stansiyası ərazisindən 17 metr relsi oğurlanıb. Daha sonra həmin metal relsləri “Belarus” markalı traktorun qoşqusuna yığaraq, metal qəbulu məntəqəsinə satmağa aparıblar.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xanlıqoba kənd sakinləri Yaşar Məmmədov və Əfqan Məmmədov saxlanılıblar.
Araşdırma aparılır.