Bu gün gecə saatlarında intihara cəhd hadisəsi olub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində binanın damına çıxaraq intihara cəhd edib.
Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 49 yaşlı İsayev Elsevər Fərid oğlu doqquzmərtəbəli binanın damına çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.