Daxili İşlər Nazirliyi Bakı sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilib. Ondan “Escort” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə cinayət işi başlanıb.
***
saat 01:32
Bakının Suraxanı rayonunda güllələnmə hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
1987-ci il təvəllüdlü Cavadov İlkin Miraslan oğlu naməlum şəxs tərəfindən odlu silah vasitəsilə güllələnib. O, sol bazu və döş qəfəsindən güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Hazırda İ.Cavadov cərrahi əməliyyat olunur.