Generalın qətli ilə bağlı bir nəfər tutulub
23 aprel 2009 17:00 (UTC +04:00)

Generalın qətli ilə bağlı bir nəfər tutulub

Baş Prokurorluq: İstintaq sirri olduğu üçün ictimaiyyətə hələlik açıqlama verilmir


Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələrinin komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı bir nəfər saxlanılıb.

“Yeni Müsavat” qəzetinin bugünkü sayında dərc olunan məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən həftə Bakı sakini Anar Aydın oğlu Rəfiyevin idarə etdiyi avtomobili saxlayıblar. Avtomobilə baxış zamanı maşının yük yerində hərbi geyim aşkarlanıb. Araşdırma zamanı 26 yaşlı A.Rəfiyevin hərbçi olmadığı müəyyənləşib. A.Rəfiyev hərbi paltarları necə və hansı məqsədlə əldə etdiyini izah edə bilməyib.
Ətrafında aparılmış əməliyyat tədbirlərindən sonra onu Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə təhvil veriblər. Orada A.Rəfiyev general Rail Rzayevin qətlinin istintaqını aparan qrupun müstəntiqləri tərəfindən sorğu-sual edilib. Bundan sonra Nəsimi rayon Məhkəməsinə aparılan A.Rəfiyevin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məsələyə aydınlıq gətirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a açıqlamasında xəbəri nə təkzib, nə də təsdiq etdiklərini deyib: “İstintaq sirri olduğu üçün ictimaiyyətə hələlik açıqlama verilmir”.

Xatırladaq ki, general Rail Rzayev bu il fevralın 11-də evinin yaxınlığında odlu silahla qətlə yetirilib. Qətldən sonra prezidentin göstərişi ilə Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ən yaxşı əməliyyatçıları Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə cəlb edilməklə, istintaq qrupu yaradılıb.

Şəhriyar Əlizadə
# 519

Oxşar yazılar