Kamran Əsədov: “Mənim millətim yoxdur”
25 fevral 2009 17:30 (UTC +04:00)

Kamran Əsədov: “Mənim millətim yoxdur”

“Mənim vətənim xilafətdir, nəyə görə Qarabağ uğurunda döyüşməliyəm?”


Bu gün, günün ikinci yarısında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Bakıdakı “LUKoil” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda və digər cinayətlərdə təqsirləndirilən radikal dini qrup üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim İslam Nemanovun sədrliyi ilə keçirilən məhkəmədə dəstə başçısı Kamran Əsədov çıxış edərək bildirib ki, hərbi hissədən silah oğurlamasına onu Kamran Babayev məcbur etməyib. Onun sözlərinə görə, silahlı birləşmənin yaradılmasında, cihad etmək istəməsində 6 nəfərdən başqa digər təqsirləndirilən şəxslərin rolu olmayıb.

Bu zaman prokurorla Kamran Əsədov arasında mübahisə yaranıb. Prokuror bildirib ki, ittiham aktına kölgə salmaq lazım deyil: “Biz öz sözümüzü sonda deyəcəyik”.

Kamran Əsədov isə üzünü prokurora tutaraq, “Allahdan qorxun!” deyib. O, dünyanın 1 nömrəli terrorçusu Usamə bin Ladendən də danışıb: “Mən bin Ladeni dəstəkləyirəm, lakin onun təşkilatının üzvü deyiləm. Əgər onun təşkilatının üzvü olsaydım, hər şey başqa cür olardı. Bizi buraxın, gedək, Allah yolunda vuruşaq”.

Bu zaman təqsirləndirilən şəxslər bildiriblər ki, Dağlıq Qarabağ uğurunda döyüşmək istəyirlər. Kamran Əsədov isə bununla razı olmadığını deyib: “Mənim vətənim xilafətdir. Mənim millətim yoxdur. Bütün müsəlmanlar qardaşımdır. Nəyə görə, mən Qarabağ uğurunda döyüşməliyəm?. Mən islam bayrağı altında döyüşərəm. Mən ölümü gözə alıb, cihad edirəm. Sizin həbsxananızdan, yoxsa verdiyiniz cəzalardan qorxacağam?”

Daha sonra prosesdə təqsirləndirilən Kamran Babayevin odlu silahlar əldə etməsinin araşdırılması ilə bağlı məhkəmə qərar qəbul edib. Çünki K.Babayev odlu silahları Yasamal Rayon Polis İdarəsinin verdiyi icazə sənədləri ilə aldığı desə də, qarşı tərəf bunu təkzib edib. Yasamal Rayon Polis İdarəsində məhkəməyə məktub göndərilib. Məktubda həmin silahların qanuni yolla alınması barədə məlumatsız olduqlarını bildiriblər.

Məhkəmə prosesi martın 5-də davam etdiriləcək.

Qeyd edək ki, dəstə üzvləri Kamran Əsədov, Bəxtiyar Cəfərov, Fərid Cabbarov, Vüqar Əliyev, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehralıyev, Samir Əliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Ramil Cəlilov, İlkin İsmayılov, Şəhriyar Məhərrəmov və Rövşən Əbdüləliyevdən ibarətdir.

Kamran Əsədov Milli Ordunun “N” saylı hərbi hissəsində baş leytenant olub. O, ötən ilin oktyabrında xeyli silah-sursat götürərək xidmət etdiyi hərbi hissədən qaçıb, MTN-in noyabrda keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxslər radikal dini qrupun üzvləridir.

Onu da qeyd edək ki, bu cinayət işi üzrə 20 nəfər təqsirləndirilən şəxs, 3 nəfər zərərçəkmiş və 100-ə qədər şahid var.

Şəhriyar ƏLİZADƏ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2410

Oxşar yazılar