“Məşədi Əzizbəyovu Şüvəlandakı ailə qəbiristanlığında dəfn etmək istəyirik” - MÜSAHİBƏ
23 fevral 2009 14:22 (UTC +04:00)

“Məşədi Əzizbəyovu Şüvəlandakı ailə qəbiristanlığında dəfn etmək istəyirik” - MÜSAHİBƏ

26 Bakı komissarından biri, Bakı Quberniyası kəndli deputatlar icraiyyə komitəsinin sədri Məşədi Əzizbəyovun nəvəsi Mehdi Əzizbəyovun APA-ya müsahibəsi

- Mehdi müəllim, 26 Bakı komissarının cəsədlərinin qalıqlarının eksqumasiyası və köçürülməsi prosesində iştirak etmisiniz?

- Təəssüf ki, bu barədə yalnız mətbuatdan xəbər tutmuşuq və qalıqların köçürülməsi ilə bağlı bizə xəbər vermədiklərinə görə incimişik. Axı Bakı şəhər hakimiyyət orqanları bizi də, əmim qızı Püstəxanım Əzizbəyovanın da ailəsini yaxşı tanıyır. Amma nədənsə bu məsələ ilə bağlı bizə xəbər verməyiblər. Xəbər tutduqdan sonra onlara zəng vurdum, öz koordinatlarımı qoydum, amma hələ də mənimlə görüşən olmayıb. Başa düşürəm, indi zaman dəyişib, komissarların dəfn olunduğu yer şəhərin mərkəzidir, şəhər inkişaf edir və s. Lakin onlar meyitlərinin qalıqlarının köçürüləcəyi ilə bağlı bizə xəbər verə bilərdilər.

- Məşədi Əzizbəyovun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün sizdən hansısa nümunə götürülüb?

- Əzizbəyovun nəvəsi kimi nə məndən, nə də digər qohumlarımızdan heç bir nümunə götürülməyib. Biz komissarların cəsədlərinin ekspertizasının başa çatmasını gözləyirik. Hansı məzarda kimin dəfn olunduğu dəqiqləşdikdən sonra babamın cəsədinin qalıqlarının bizə verilməsini tələb edəcəyik. Ailəmiz Məşədi Əzizbəyovu Şüvəlandakı ailə qəbiristanlığında - anası Püstəxanımın yanında dəfn etmək qərarına gəlib. Komissarların dəfnini çəkildiyi tarixi kadrlarda ağlayan çadralı qadın Məşədi Əzizbəyovun anasıdır. Şahidlər deyir ki, o bütün həlak olanlar üçün ağlayıb, çünki oğlunun meyitinin hansı tabutda olduğunu bilməyib.

- Məşədi Əzizbəyovun həyatı ilə bağlı ictimaiyyətə məlum olmayana hansı məqamları açıqlaya bilərsiniz?

- Mən nənəmi görməmişəm, amma Məşədi Əzizbəyovun tanıyan yaxın qonşumuz 20-ci əsrin əvvəllərində baş verən hadisələr barədə danışırdı. O deyirdi ki, babam çox alicənab, ədəbli, təhsilli şəxs olub. Məşədi Əzizbəyov həmçinin Rusiya İmperiyasının zadəganı idi. Bizim soyadımız Zadəganlar Kitabına daxil edilib. İki Zadəganlar Kitabı mövcuddur, onlardan biri Ermitajda saxlanır. O kitaba rus zadəganların, digər kitaba isə çar təbəəsi olan qeyri-rus zadəganları adları daxil edilib. adları yazılıb. Bizim soyadımız ikinci kitabdadır. Məşədi Əzizbəyov Çar Rusiyasının əsil-nəcabətli zadəganı olub. Bu titul onun atasına verilib və sonra oğluna ötürülüb. Babam ailədə yeganə oğlan uşağı olub. Əzizbəyovlar varlı ailə olublar, babam məşhur milyonçu Zərbəliyevin qızı ilə evli olub. Məşədi Əzizbəyovun Suraxanıda neft mədənləri indiki Füzuli küçəsində şəxsi poladtökmə zavodu, Şüvəlanda 10 hektarlıq mülkü olub. O Bakıda təhsil alıb, gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Politexnik İnstitutunu bitirib. Məşədi Əzizbəyov həmin institutda iki fakültəni bitirib – dağ-mədən mühəndisliyi və mühəndis-elektromexanik ixtisaslarına yiyələnib. Bakıya qayıtdıqdan sonra ilk olaraq Bayılda – istilik-elektrik stansiyasında çalışıb, bu stansiyanın baş mühəndisi olub.

- Bəs, zadəgan Məşədi Əzizbəyov necə inqilabçı olub, onun Bakı Kommunasında rolu nədən ibarət idi?

- Silahdaşlarının sözlərinə görə, Məşədi Əzizbəyov inqilabi hərəkata Sankt-Peterburqda təhsil alan zaman qoşulub. Bu, təqribən 19-cu əsrin sonlarına, 20-ci əsrin əvvəllərinə təsadüf edir. O zaman Sankt-Peterburqda inqilabi əhval-ruhiyyə güclü idi, tələbə dərnəkləri fəaliyyət göstərirdi. Əzizbəyov orada Leninlə, Stalinlə tanış olur. Aktiv və alicənab şəxs kimi o öz xalqı üçün yalnız yaxşı işlər görmək istəyirdi, xalqını təhsilli, ölkəsinin çiçəklənən görmək istəyirdi. Onda inqilabi hərəkata maraq oyanır və inqilabçı olur. Onların “Hümmət” adlanan gizli qrupu olur, Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi bu qrupa babamla Nəriman Nərimanov daxil idi. Qrupu əsas simaları bu üç nəfər olur, onların “Hümmət” adlı qəzeti, Rəsulzadənin təşəbbüsü ilə yaradılan “Nicat” adlı cəmiyyəti olur. Babam Rəsulzadə və Nərimanovla yaxın dost olub. Məşədi Əzizbəyov Səttarxanla tanış olub, İrana gedəndə onunla görüşüb, danışıqlar aparıb. Şəhər Dumasının üzvü olan Məşədi Əzizbəyov bir müddət bu quruma sədrlik də edib. Onun vəzifəsi əsasən mədəniyyət və təhsil məsələlərini əhatə edirmiş. O Bakıda fəaliyyət göstərən Dram Teatrına dəfələrlə kömək edib, teatr fəaliyyətini davam etdirsin deyə öz evini, nənəmin zinət əşyalarını satıb. O, Zeynalabdin Tağıyevlə də yaxın dost olub. Azərbaycan Tarixi Muzeyində Tağıyevin kabineti, stolun üstündəki qeyd kitabçasında belə bir qeyd var: “Məşədi Əzizbəyov – sənayeçi”. Qarşısında isə babamın telefonu yazılıb. Babam Zeynalabdin Tağıyevin tikdirdiyi Şollar su kəmərinin podratçısı olub. Tağıyev babama həmişə etibar edib və onu çox sevirdi. Su kəmərinin layihəsini alman mühəndis çəkib, bu günə kimi fəaliyyət göstərən bu kəmərin podratçısı isə babam olub.

- Əzizbəyovun Bakı Kommunasında fəaliyyəti ilə bağlı Sizdə hansı məlumatlar var?

- O digərləri ilə birlikdə Kommunanın üzvü olub. Bakı Kommunasında müxtəlif partiyaların üzvləri – eserlər, menşeviklər, bolşeviklər, hətta Müsavat partiyasının nümayəndələri təmsil olunurdu. Moskva Stepan Şaumyanı Kommunaya rəhbər təyin edir. Məşədi Əzizbəyov Şaumyanla Bakı Kommunasında tanış olub. Quberniya komissarı olan Əzizbəyovun kuratorluğuna Şamaxı və ətraf zonalar daxil idi. O faktiki olaraq Şamaxı əhalisini qırğınlardan xilas edib. O zaman erməni silahlı birləşmələri əksinqilabçılara qarşı mübarizə adı altında qırğınlar törədirdi. Onlar faktiki olaraq azərbaycanlıları qırmaqla məşğul edirdilər. Əzizbəyov o zaman həmin silahlı birləşmənin komandirinə müraciət edərək qırğınları dayandırmağı tələb edib və onu başa salmağa çalışıb ki, sadə kəndlilər əksinqilabçı ola bilməzlər. Lakin ona qulaq asan olmur. Bu zaman Əzizbəyov Nəriman Nərimanovla telefonla əlaqə saxlayır, o isə öz növbəsində Leninə teleqram vurur. Yalnız bundan sonra Lenin əhalinin məhv edilməsinin dayandırılmasına göstəriş verir.

- Babanızın həyatının son günləri barədə Sizə nə məlumdur?

- Onun son günləri barədə bildiyim odur ki, Əzizbəyov komissarlarla birlikdə Kransnovodska deyil, sovet hakimiyyətinin qurulduğu Həştərxana gedirmiş. O zaman Nəriman Nərimanov Həştərxanda olub, babam onunla görüşmək istəyirmiş. Yolda onları həbs edərək Krasnovodska aparır və güllələyirlər. Tarix var, tarixçilər var. Tarixçilər istədikləri şeyi yaza bilərlər, onlar arxiv materialları ilə kifayət qədər işləməyərək hadisələrə öz baxışlarını qələmə ala bilərlər, amma tarix öz axarı ilə davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2137

Oxşar yazılar