“Ergenekon”çu polkovnikin 22 yaşlı oğlu Bakıda ölüb
03 sentyabr 2012 14:50 (UTC +04:00)

“Ergenekon”çu polkovnikin 22 yaşlı oğlu Bakıda ölüb

“Ergenekon” ittihamı üzrə saxlanılan, Ankara Zir vadisində aparılan qazıntılar zamanı tapılan sursatın sahibi olduğu iddia edilən polkovnik Mustafa Dönməz faciəli xəbər alıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mustafa Dönməz 21 yaşlı oğlunun şənbə günü Azərbaycanda qəzaya düşərək həyatını itirdiyi barədə xəbəri məhkəmə salonunda alıb. Mustafa Dönməzə bu xəbəri onunla birlikdə məhkəməyə çıxarılan jurnalist Tuncay Özkan və bir qrup təqsirləndirilən şəxs çatdırıb. Onlar polkovnikin yanına gəlib, məhkəmə salonundan çıxararaq oğlunun ölümü xəbərini çatdırıblar. Bu xəbərdən sonra Mustafa Dönməz məhkəmə salonuna geri qayıtmayıb. Həbsxana rəhbərliyi isə polkovnikin oğlunun ölümü xəbərini əvvəlcədən aldığı üçün ona iki günlük icazə verilməsini öncədən qərarlaşdırıb. İki gün icazə verilən Mustafa Dönməz oğlunun Bandırmada keçiriləcək yas mərasiminə qatılacaq.



Binəqədi rayon Polis İdarəsi, 5-ci Polis Bölməsindən Lent.az-a bildirilib ki, Mustafa Dönməzin oğlu, 1990-cı il təvəllüdlü Alpkaan Dönməz Azadlıq prospektində naməlum avtomobillə vurulub. 22 yaşlı oğlan elə hadisə yerindəcə keçinib. Qəzanı törədən naməlum avtomobil isə hadisə yerindən yayınıb.

Qeyd edək ki, məlum qəza baş vermiş ərazi Azadlıq prospektində “qoşa zapravka” adlanan ərazidir. Prospektin bu hissəsində qəzalar tez-tez baş verir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3122

Oxşar yazılar