“Dağıstanda nüfuzlu dini lider qalmadı...” - EKSKLÜZİV
29 avqust 2012 13:16 (UTC +04:00)

“Dağıstanda nüfuzlu dini lider qalmadı...” - EKSKLÜZİV

“Səid Əfəndinin öldürülməsi Dağıstanda sələfilərin əl-qolunu daha da açacaq. Çünki Dağıstanda bu dini ideologiyaya qarşı duracaq bir dini lider qalmadı”.



Bunu Lent.az-a açıqlamasında Dağıstanın tanınmış araşdırmaçı-jurnalisti Şamil Əliyev bildirib. Həmkarımızın dediyinə görə, bu, Dağıstanda son bir il ərzində qətlə yetirilən ciddi nüfuz sahibi olan ikinci dini liderdir. Bunlardan biri Dağıstanın cənubunda nüfuz sahibi olan Siracuddin Xuriqski, o bir isə Səid Əfəndi Çirkeyski olub. Xuriqski milliyətcə tabasaran, Səid Əfəndi isə avar idi.



“Dağıstandakı dini situasiyaya bu iki şəxs nəzarət edirdi. İstər şeyx Səid Əfəndi, istərsə də Xuriqski dini ekstremizmə, vəhhabiliyə qarşı sərt mövqeyi ilə tanınırdılar. Onların hər ikisinin dövlətin dini cərəyanlarla münasibətləri qaydaya salmaq istiqamətində gördüyü işlər vəhhabilərin xoşuna gəlmirdi. Çünki son aylarda sələfilər, ümumiyyətlə, sünni ümməti ilə digər təriqətlər arasında dinc dialoqa start verilmişdi. Bu dialoqun təşəbbüskarı isə məhz Səid Əfəndi idi”, - deyə Şamil Əliyev bildirib.



Həmkarımızın bildirdiyinə görə, Səid Əfəndi nəqşibəndilik təriqətinin şeyxi idi: “Onun Buynaksk rayonunun Çirkey kəndindəki evi ziyarətçilərlə dolu olardı. Ümumiyyətlə, bu ev Azərbaycan da daxil, regiondakı bütün nəqşibəndilərin ziyarətgahı olub. Onun qətlindən sonra Dağıstanda onun səviyyəsində nüfuzlu dini lider qalmadı”.



Baş verən qətlin bir qədər əvvəl Xasavyurtda ələvi məscidində törədilmiş terror aktı ilə əlaqəsi ola bilərmi? Əliyevin dediyinə görə, hər iki hadisənin eyni dini cərəyan, sələfilər tərəfindən törədilməsi şübhə doğurmur.



Xatırladaq ki, bir neçə gün əvvəl Xasavyurtdakı məsciddə baş vermiş terror zamanı bir azərbaycanlı həlak olmuş, bir neçə nəfər yaralanmışdı.



Maraqlıdır ki, Səid Əfəndinin öldürülməsi xəbərlərini vəhhabilərə aid saytlar da öz səhifələrində yerləşdiriblər. Amma bir qədər fərqli şəkildə. Səid Əfəndinin fotosunun üstündən qırmızı xətt çəkən sayt müəllifləri onun barəsində “bir müşrik də cəhənnəmə vasil oldu” yazıblar.





Qısa arayış:



Səid Əfəndi 1937-ci il oktyabrın 21-də Dağıstanın Buynaksk rayonunun Çirkey kəndində anadan olub. Milliyyətcə avardır. Orta məktəbi bu kənddə bitirib. Sovet ordusunda hərbi xidmətdə olub. Yerli kolxozda uzun müddət çoban işləyib. Ondan sonra başqa işdə yanğınsöndürən vəzifəsində çalışıb.



1972-ci ildə işdən çıxıb və islamı öyrənməyə başlayıb. İslamı elmi cəhətdən öyrənən Səid Əfəndi daha çox sufi alimlərinin əsərləri ilə maraqlanıb. 15 il ucqar İnxo kəndində Dağıstanın sufi alimi Abdulqədir Əfəndidən dərs alıb.



Səid Əfəndi islam aləmində əl-Çirkavi kimi tanınıb və bir çox kitabların müəllifi olub. Onun dini çevrələrdəki nüfuzu Dağıstan Ruhani İdarəsinin qərarlarına təsir etmək imkanı belə verirmiş.



Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4836

Oxşar yazılar